Fransada 2027-ci il prezident seçkiləri yaxınlaşdıqca başörtüsü ətrafında başlayan siyasi mübahisə sosial şəbəkələrə də keçib.
İfrat sağçı “Milli Birlik” (RN) partiyasının başörtüsünü ictimai yerlərdə qadağan etmək və qadağaya əməl etməyən qadınları cərimələmək planına etiraz edən qadınlar fərqli aksiya üsulu seçiblər.
“TikTok”, “Instagram” və “X” platformalarında yayılan çoxsaylı görüntülərdə gündəlik həyatlarında başörtüsü taxmayan qadınların kamera qarşısına keçərək saçlarını örtdükləri görünür. Bəziləri klassik yaylıqdan, digərləri isə müxtəlif rəng və formalı örtüklərdən istifadə edərək aksiyaya qoşulublar. “Le Parisien” də bu etiraz dalğasının son günlərdə sosial şəbəkələrdə genişləndiyini yazıb.
Qadınlar paylaşımlarında başörtülü müsəlman qadınların hədəfə alındığını düşündüklərini bildirərək qadağaya qarşı çıxırlar.
Bəzi istifadəçilər isə qanun qəbul edilərsə, müsəlman olmadıqları halda belə başörtüsü taxacaqlarını deyiblər. Sosial şəbəkə istifadəçilərindən biri 2027-ci ildə başörtüsü taxaraq qadağanın tətbiqini çətinləşdirəcəklərini, digəri isə daha çox qadının başını örtəcəyini bildirib.
Etiraz yalnız qadınlarla məhdudlaşmayıb. Fransa mətbuatının məlumatına görə, bəzi kişilər də saçlarını örtərək kamera qarşısına keçib və qadınlara dəstək nümayiş etdiriblər. Hətta bəzi istifadəçilər yaylığın necə bağlanmasını göstərən videolar da yayıblar.
“Le Progrès”in məlumatına görə, gündəlik həyatlarında başörtüsü istifadə etməyən kontent yaradıcıları da aksiyaya qoşulublar. Videolarda qadınların saçlarını yığdıqdan sonra müxtəlif rəngli yaylıqlarla başlarını örtdükləri görünür.
Mübahisələr RN deputatı Jan-Filipp Tanqinin açıqlamalarından sonra daha da güclənib. O bildirib ki, partiyası 2027-ci ildə hakimiyyətə gələrsə, ictimai yerlərdə başörtüsü qadağasına əməl etməyən qadınlara pul cəriməsi tətbiq ediləcək.
Marine Le Pen isə daha sonra ictimai yerlərdə başörtüsünün qadağan edilməsini nəzərdə tutan təşəbbüsü referenduma çıxarmaq istədiyini bildirib. Bu təklif Fransada həm hüquqi baxımdan tətbiq imkanları, həm də dini azadlıqlar kontekstində müzakirələrə səbəb olub.
Sosial şəbəkələrdə yayılan aksiyanın əsas mesajlarından biri isə başörtülü qadınlarla həmrəylikdir. Paylaşımlarda “Bu qanun qəbul olunsa, mən də başörtüsü taxacağam” məzmunlu mesajlar ön plana çıxır.

