Fransa Milli Assambleyası 15 yaşdan kiçik uşaqların və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun qəbul edib.
Bu barədə France 24 məlumat yayıb.
Fransa bu cür tədbir qəbul edən Avropa İttifaqının ilk ölkəsi olub.
Qadağa sosial şəbəkələrdə yeni hesablar üçün 1 sentyabrdan qüvvəyə minəcək. Qanun istifadəçilərin yaşının məcburi şəkildə yoxlanılmasını nəzərdə tutur.
15 yaşdan kiçik şəxslərin sosial şəbəkələrə çıxışı yalnız valideyn razılığı ilə mümkün olacaq.
Qanunun təşəbbüskarları hesab edirlər ki, bu addım uşaqları kiberbullinqdən, sosial şəbəkə asılılığından və zərərli kontentdən qorumağa kömək edəcək.
Qadağanın pozulmasına görə yeniyetmələr və onların valideynləri üçün cərimə nəzərdə tutulmur.
Xatırladaq ki, 2025-ci ildə Avstraliya da uşaqlar və yeniyetmələr üçün sosial şəbəkələrlə bağlı məhdudiyyətlər tətbiq edib. Oxşar tədbirlər Böyük Britaniya və Aİ ölkələrində də müzakirə olunur.

