Çinin Henan əyalətində 60 yaşlı qadın qız övladı dünyaya gətirib.
2,8 kiloqram çəkidə doğulan körpə Jumadian şəhərinin Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib.
Mediada xanım Janq kimi təqdim olunan qadın ana olduğu üçün özünü xoşbəxt hiss etdiyini bildirib.
Körpənin böyük qardaşı iki il əvvəl, anasının 58 yaşı olarkən dünyaya gəlib. Janq 2022-ci ildə yeganə övladını itirdikdən sonra yenidən uşaq sahibi olmaq qərarına gəlib.
Ailədə Qoqo deyə çağırılan iki yaşlı oğlan xəstəxanada bacısını sevinclə qarşılayıb və onun üçün uşaq mahnısı oxuyub.
60 yaşlı qadın gec yaşda ana olması ilə bağlı tənqidlərə əhəmiyyət vermədiyini deyib. O, səhhətinə inamını ailəsində uzunömürlülüyün geniş yayılması ilə izah edib. Janqın sözlərinə görə, atası 100 yaşadək yaşayıb, 94 yaşlı anası isə hələ də yaxşı görür, eşidir və pilləkənləri özü qalxa bilir.
Qadın bildirib ki, həyatının sonuna çatdığı dövrdə övladlarının artıq böyüyərək öz ailələrini quracaqlarına inanır.
Doğuşu həyata keçirən mama-ginekoloqun sözlərinə görə, 60 yaşda hamiləlik Çində olduqca nadir haldır. Həkimlər Janqın ikinci hamiləliyini birincidən daha rahat keçirdiyini, bu müddətdə yemək bişirməyə və ev işləri görməyə davam etdiyini bildiriblər.
Məlumatda hər iki hamiləlik zamanı köməkçi reproduktiv texnologiyalardan istifadə olunub-olunmadığı açıqlanmayıb.

