Fransada qiymət artımına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı keçirilən kütləvi etiraz aksiyaları bir sıra şəhərlərdə iğtişaşlar və mağazaların talan edilməsi ilə müşayiət olunub.
Bu barədə BFMTV telekanalı məlumat yayıb.
Bildirilib ki, Marseldə onlarla mağaza qarət edilib. Bordo, Lion, Nitsa və digər iri şəhərlərdə isə üzlərini gizlədən və etiraz aksiyalarına qoşulan qruplar ictimai asayişi pozublar.
Parisdə Strasbur-Sen-Deni məhəlləsində və Kapusinlər bulvarında mağazaların talan edilməsi halları qeydə alınıb.
Paytaxtın bir neçə rayonunda nümayişçilərin kiçik qrupları ilə polis arasında vaxtaşırı toqquşmalar baş verib.
Xüsusilə Milli Assambleya və Yelisey Sarayı yaxınlığındakı Konkord meydanında gərgin qarşıdurmalar yaşanıb.
Polis iğtişaşlarda iştirak edən şəxslərin saxlanılmasını həyata keçirib.

