Fransada müəllim çatışmazlığı, siniflərdə şagird sayının çoxluğu, məktəblərdə şəraitin pisləşməsi və təhsilə ayrılan vəsaitlə bağlı narazılıqlar fonunda başlayan etiraz aksiyaları ölkə üzrə davam edir.
Denmedia.az xəbər verir ki, bəzi şəhərlərdə nümayişçilərlə polis arasında qarşıdurmalar baş verib. Etirazlar zamanı təxminən 5 min nəfər saxlanılıb, 400 liseydə isə əyani dərslər dayandırılıb.
Ötən ay Parisdə başlayan və qısa müddətdə digər şəhərlərə yayılan aksiyalarda şagirdlər müəllim və məktəb heyəti çatışmazlığının aradan qaldırılmasını, siniflərdə şagird sayının azaldılmasını və təhsil müəssisələrinin şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.
Fransa mediasının məlumatına görə, Strasburqda polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Marseldə polis əməkdaşlarına fişənglər atılıb, Renndə zibil konteynerləri yandırılıb. Paris yaxınlığındakı Panten şəhərində də etirazçılarla polis arasında toqquşmalar yaşanıb.
Fransanın daxili işlər naziri Loran Nünes həftənin əvvəlindən bəri saxlanılanların sayının 5 minə yaxınlaşdığını, onların əksəriyyətinin gənclər olduğunu açıqlayıb.
Təhsil naziri Eduar Jeffre isə hadisələr zamanı 40-ı məktəb rəhbərliyinin nümayəndəsi olmaqla, ümumilikdə 65 təhsil işçisinin xəsarət aldığını bildirib.
Bu arada, müəllim həmkarlar ittifaqları oktyabrın 6-na tətil çağırışı ediblər. Etirazçılar polisin həddindən artıq güc tətbiq etdiyini iddia edirlər. Azyaşlı nümayişçilərə qarşı zorakılıqla bağlı şikayətlər əsasında araşdırmalara başlanıldığı bildirilir.
Narazılıqların əsas səbəblərindən biri də təhsilin maliyyələşdirilməsidir. Hökumətin 2027-ci il büdcə layihəsində təhsil xərclərinin 1,7 faiz artırılaraq 65,53 milyard avroya çatdırılması nəzərdə tutulur. Lakin bu artımın inflyasiya səviyyəsindən aşağı qalacağı gözlənilir.
Hökumət şagirdlərin təhsil şəraiti ilə bağlı tələblərini qəbul etsə də, aksiyalar zamanı baş verən zorakılıq hallarını pisləyir. Rəsmilər etirazlara şagird olmayan şəxslərin də qoşulduğunu bildirirlər.
Ölkədə etiraz aksiyaları davam edir.

