Fransanın daxili işlər naziri Loran Nunes ölkəni bürüyən kütləvi etirazlar və iğtişaşlar fonunda istefa ərizəsi təqdim edib. Lakin Prezident Emmanuel Makron onun istefasını qəbul etməyib.
Bu barədə BFMTV telekanalı məlumat yayıb.
Yelisey Sarayından bildirilib ki, Makron mövcud vəziyyətdə hüquq-mühafizə orqanlarına rəhbərliyin fasiləsiz davam etməsini zəruri hesab etdiyi üçün nazirin vəzifəsində qalmasına qərar verib.
Fransa Prezidenti hökumətdən küçə iğtişaşlarının təkrarlanmaması üçün tədbirlər görməyi tələb edib. O, baş verən hadisələrdən nəticə çıxarılmasının, xüsusilə də kəşfiyyat məlumatlarının toplanması və mümkün qarşıdurmaların əvvəlcədən proqnozlaşdırılması sahəsində çatışmazlıqların aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, Fransada yaşayış səviyyəsinin aşağı düşməsinə etiraz olaraq genişmiqyaslı nümayişlər keçirilib.
CGT həmkarlar ittifaqının nümayəndələri aksiyalara 500 mindən çox, L'Union Étudiante tələbə birliyi isə ümumilikdə 800 min nəfərin qatıldığını bildirib.
Etirazlar zamanı bir sıra şəhərlərdə qarşıdurmalar, mağazaların talanması və ictimai əmlaka ziyan vurulması halları qeydə alınıb.

