İordaniya Kralı II Abdullah ölkənin Əl-Kərak əyalətində yerləşən pravoslav kilsəsində törədilən terror aktından sonra ekstremizmlə mübarizə üsullarının yenidən nəzərdən keçirilməsi barədə göstəriş verib.
Bu barədə “Roya News” məlumat yayıb.
Əmmanda Milli Təhlükəsizlik Şurasının iclasında çıxış edən monarx hökuməti dini qurumlarla birlikdə radikal ideologiyaya qarşı sistemli mübarizə planı hazırlamağa çağırıb.
“Ekstremist ideologiyaya qarşı mübarizə üsullarına yenidən baxmaq və onun kökünün kəsilməsi istiqamətində səyləri gücləndirmək lazımdır”, – deyə kral bildirib.
II Abdullah təhlükəsizlik qurumlarını mümkün terror hücumlarının qarşısını almaq üçün hazırlıq səviyyəsini artırmağa çağırıb.
Kral vurğulayıb ki, vətəndaşların təhlükəsizliyi və rifahı dövlətin əsas prioritetidir.
Onun sözlərinə görə, terror aktları əhalini qorxutmamalı və ölkənin milli birliyinə xələl gətirməməlidir. Hadisəni törədənlərin isə məsuliyyətə cəlb olunacağı bildirilib.

