Azərbaycanda sentyabrın 8-dən 10-dək əvvəllər müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak edə bilməyən pedaqoqlar üçün yeni qiymətləndirmə mərhələsi keçiriləcək.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin imtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli sosial şəbəkədə məlumat verib.
Onun sözlərinə görə, 2013–2018-ci illərdə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, direktorların, direktor müavinlərinin, eləcə də gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb. Qiymətləndirmənin nəticələrinə əsasən həmin əməkdaşların əməkhaqları artırılıb.
Lakin bəzi pedaqoqlar müxtəlif səbəblərdən bu prosesdə iştirak etmədikləri üçün onların maaşlarına müvafiq artım tətbiq etmək mümkün olmayıb.
Məhz bu kateqoriyadan olan əməkdaşlar üçün 8–10 sentyabr tarixlərində yeni diaqnostik qiymətləndirmə təşkil ediləcək.
Nurlan İsmayılbəyli bildirib ki, əvvəllər diaqnostik qiymətləndirmədən keçmiş şəxslər, eləcə də MİQ müsabiqəsi nəticəsində işə qəbul olunan müəllimlər bu mərhələyə cəlb edilməyəcəklər.
Qiymətləndirmə yalnız test imtahanından ibarət olacaq. İştirakçılara 90 dəqiqə ərzində 60 sual təqdim ediləcək. Suallardan 40-ı ixtisas, 20-si isə tədris metodikası və təlim strategiyaları üzrə olacaq.
Diaqnostik qiymətləndirmədən uğurla keçmək üçün hər bölmə üzrə sualların ən azı 10 faizinə düzgün cavab vermək tələb olunur.
Prosesin əsas məqsədi pedaqoqların bilik və bacarıq səviyyəsini müəyyənləşdirmək, onların peşəkar inkişafını dəstəkləmək və nəzərdə tutulan əməkhaqqı artımından yararlanmalarına imkan yaratmaqdır.
Denmedia.az

