Azərbaycan və Suriya: Enerji Sektorunda Yeni Əməkdaşlıq Perspektivləri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara Antalya Diplomatik Forumu çərçivəsində bir araya gəldi. Görüş zamanı Azərbaycan tərəfi, Suriyanın neft və qaz sektorunun bərpasında iştirak etməyə hazır olduğunu bildirdi. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rola sahibdir və Suriyanın enerji ehtiyatlarının bərpası ilə bu rolunu daha da gücləndirə bilər.
Bunu Den.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov deyib.
Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın Türkiyə filialının baş direktoru Elçin İbadov, SOCAR-ın Suriyanın enerji sektorunda iştirak etməyə hazır olduğunu ifadə etdi. Bu əməkdaşlıq hər iki ölkəyə müsbət dividentlər gətirə bilər. Azərbaycanın Avropaya nəql edilən təbii qazın həcmini artırma istəyi, Suriyanın TANAP və TAP layihələrinə çıxış imkanları ilə uyğunlaşa bilər.
Xəyal Bəşirov hesab edir ki, Bu əməkdaşlıq, Bakının Avropa bazarındakı mövqeyini daha da möhkəmləndirə bilər. Həmçinin, Suriya və Azərbaycan arasında enerji sahəsindəki bu yeni əlaqələr, hər iki ölkənin regiondakı strateji mövqeyini gücləndirmək üçün bir fürsət təqdim edir.
Ellada Rəsul
Den.az