ABŞ Prezidenti Donald Tramp İranla bağlı böhrana birbaşa müdaxilə edib-etməmək barədə qərarını yaxın iki həftə ərzində verəcəyini bildirib. Ağ Evə yaxın mənbələrin məlumatına görə, Vaşinqton bu zaman çərçivəsində həm müttəfiqlərlə koordinasiyanı gücləndirməyi, həm də İran daxilindəki vəziyyətin inkişafını izləməyi planlaşdırır.
Den.az xəbər verir ki, bunu Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, İranla hazırkı gərginlik İsrailin təşəbbüsü ilə alovlanıb və Tramp administrasiyası ilkin mərhələdə bu hücuma “yaşıl işıq” yandırmayıb:
“İsrail-İran müharibəsi başladıqda ABŞ prosesin nəzarətində olduğunu bəyan etsə də, Netanyahunun Tehrana hava zərbəsi qərarı Trampla razılaşdırılmamışdı. Yəni İsrail baş naziri Benyamin Netanyahu Trampın “vurmamaq” xəbərdarlığına rəğmən, hücuma qərar verib. Bununla da faktiki olaraq ABŞ və digər müttəfiqlər fakt qarşısında qalıblar. Trampın “qərarımı iki həftəyə verəcəyəm” deməsi, əslində, vaxt qazanmaq cəhdidir”.
Politoloqun fikrincə, Tramp onu prosesdən kənarda qoyan Netanyahunu siyasi formada cəzalandırmaq yolları axtarır:
Son zamanlar Tramp və Netanyahu arasında münasibətlər xeyli gərginləşib: fikir ayrılıqları artıq açıq ziddiyyətə çevrilməkdədir. Tramp Netanyahunun onu fakt qarşısında qoyması ilə barışmaq istəmir. Bundan başqa, İrana birbaşa müdaxilə nə siyasi, nə də hərbi baxımdan sadə məsələdir – bu, ciddi maliyyə, hərbi planlama və geniş koalisiya tələb edir. Əgər bu baş verərsə, nəticələri qlobal müharibə səviyyəsinə çata bilər və ABŞ bu riski üzərinə götürmək istəmir”.
Politoloq həmçinin qeyd edib ki, İrandan İsrailə sərt cavabı Təl-Əvivdə hərbi üstünlük illüziyasını zəiflədib:
“Tramp və komandası bu reallığı nəzərə alır. ABŞ daha çox strateji sakitlik, hesablanmış addımlar və beynəlxalq konsensus axtarır. Bu səbəbdən Trampın yekun qərar üçün iki həftə vaxt istəməsi məntiqlidir”.