“Böyük İsrail” illüziyası yalnız regionu deyil, bütün dünyanı təhdid edən ekzistensial təhlükədir və İslam ölkələri İsrailin təcavüzkar siyasətlərinə qarşı ortaq mövqe nümayiş etdirməlidir.
Denmedia.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı bildirib.
O, Səudiyyə Ərəbistanının Böyük Britaniyada nəşr olunan “Şərq Əl-Avsat” qəzetində dərc olunan məqaləsində qarşıdan gələn İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri toplantısını İslam dünyası üçün tarixi dönüş nöqtəsi adlandırıb.
“Bu görüş yalnız Fələstin xalqı ilə həmrəylik mesajları və ya kədər bildirməklə kifayətlənməməlidir. İsrailin hücumlarını dayandırmaq üçün regional və beynəlxalq ittifaq yaratmaq üçün nadir bir fürsətdir”, – Əraqçı vurğulayıb.
Nazir əlavə edib ki, İsrail təkcə Qəzzaya deyil, həm də Suriyaya qarşı planlar həyata keçirməyə çalışır. Onun sözlərinə görə, Benyamin Netanyahunun doyumsuz ekspansionist siyasəti Fələstindən kənara çıxaraq bütün İslam dünyası üçün ciddi təhlükə yaradır.
Əraqçı həmçinin bəzi ərəb ölkələri ilə İsrail arasında imzalanan İbrahim razılaşmalarını aldadıcı adlandıraraq bu cür yanaşmaların İslam dünyasına böyük zərər verə biləcəyi barədə xəbərdarlıq edib.