Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin 18 hərbçisinin cəsədi tapılıb, daha ikisinin axtarışı davam edir.
A Haber telekanalının məlumatına görə, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 tipli hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğradığı ərazidə axtarış-xilasetmə işləri gecə saatlarından bəri fasiləsiz davam etdirilir.
Gürcüstanın daxili işlər naziri Gela Geladze hadisə yerindəki çıxışında bildirib:
“Hazırda 18 nəfərin cəsədi tapılıb, daha iki nəfərin axtarışı aparılır. Biz Türkiyə Daxili İşlər Nazirliyi ilə sıx koordinasiyada çalışırıq. Axtarışlara türk həmkarlarımız da qoşulub və birgə xilasetmə işləri davam etdirilir.”
Qəza bölgəsində yanğın tam söndürülüb, lakin ərazidəki dağlıq relyef və hava şəraiti xilasetmə işlərini çətinləşdirir.
Əlavə olaraq qeyd olunur ki, tapılan cəsədlərin kimliyi müəyyənləşdirilməsi üçün Gürcüstanın və Türkiyənin tibbi ekspertləri tərəfindən məhkəmə-tibbi ekspertiza aparılır.
Hadisə ilə bağlı iki ölkənin Müdafiə və Daxili İşlər nazirlikləri arasında birgə istintaq qrupu yaradılıb.

