ABŞ Prezidenti Donald Tramp ölkəsinin İranda baş verən prosesləri yaxından izlədiyini və vəziyyətə müdaxilə etməyə hazır olduğunu bildirib. Trampın sözlərinə görə, əgər İran hakimiyyəti dinc etirazçılara atəş açarsa, ABŞ onlara kömək edəcək.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə Donald Trampın bəyanatını ölkəsinin daxili işlərinə müdaxilə cəhdi adlandırıb. Bəqai Tehranın daxili məsələlərin həllinə üçüncü ölkələrin müdaxiləsinə qətiyyən dözməyəcəyini söyləyib.
Paralel olaraq isə İranda kütləvi etirazlar davam edir, hətta polislə etirazçılar arasında baş verən qarşıdurmada ölənlərin olduğu bildirilir.
Denmedia.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli ABŞ-ın İrana hərbi müdaxiləsinin hazırkı mərhələdə mümkün olmadığını bildirib.
Onun sözlərinə görə, Donald Trampın açıqlamaları daha çox xəbərdarlıq xarakteri daşıyır:
“Tramp yaxşı bilir ki, belə bir müdaxilə əks reaksiya doğura bilər. ABŞ -ın İrana açıq müdaxiləsi nəticəsində ölkə daxilində etirazların dayanmasına da mümkündür. Daxildə aksiyalar nə qədər şiddətli olsa da, İran cəmiyyətinin xarici müdaxiləni qəbul edəcəyi inandırıcı deyil. Xüsusilə illərdir mövcud rejimin ideologiyası ilə formalaşdırılan cəmiyyət istənilən xarici müdaxiləni işğal cəhdi kimi qiymətləndirərək etirazları bir kənara qoyacaq.

Qabil Hüseynli
ABŞ prosesi yaxından izləyir. Təcrübə göstərir ki, Vaşinqton adətən yalnız son mərhələdə, proseslər artıq yekunlaşmaq üzrə olanda müdaxilə edir və nəticədən özünə siyasi pay çıxarmağa çalışır. Bu dəfə də oxşar ssenari mümkündür. Mövcud İran hakimiyyətinin devrilməsi indiki mərhələdə Vaşinqtonun maraqlarına uyğun ola bilər. Trampın son anda prosesə müdaxilə edərək “İrandakı məsələni mən həll etdim”- deməsi də mümkündür.
Hazırda etirazlar davam edir və nəticənin necə olacağı hələlik bəlli deyil. Lakin bir reallıq var ki, İranda mövcud hakimiyyətin ömrü uzun görünmür. Bu, artıq dəfələrlə təkrarlanan bir prosesdir. Xalq mövcud vəziyyətlə barışmır və vaxtaşırı etiraz səsini yüksəldir. Bununla belə, qeyd etməliyəm ki, baş verənlər hələ inqilab səviyyəsində deyil. Ümumiyyətlə, Güney Azərbaycanın aksiyalarda passiv qalması diqqət çəkir. Tarix isə göstərir ki, İranda inqilabi proseslər məhz Güney Azərbaycanın fəal iştirakı ilə nəticələnib”.

