İran tərəfi ABŞ və İsrailin zərbələri nəticəsində zədələnmiş nüvə obyektlərini hələlik bərpa etməyi planlaşdırmır. Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi Al-Manar telekanalına müsahibəsində bildirib.
“Hazırda onların bərpası ilə bağlı plan yoxdur — təhlükəsizlik təhdidləri və bununla əlaqəli məsələlər aradan qaldırılana qədər”, — deyə o bildirib.
Nazirin sözlərinə görə, iyun ayında İsrail və ABŞ ilə qarşıdurma zamanı ölkənin raket potensialına ciddi zərər dəyməyib. O əlavə edib ki, hücumdan sonra yaranan çətinliklər artıq kompensasiya olunub.
Araqçi vurğulayıb ki, hazırda İranın hərbi sahədə vəziyyəti keçmişlə müqayisədə xeyli yaxşıdır. Onun sözlərinə görə, baş verən hadisələr “zəif nöqtələri” müəyyənləşdirməyə imkan verib. Xarici işlər naziri qeyd edib ki, ölkə zərurət yarandığı halda özünü müdafiə etməyə hazırdır, lakin bu, müharibə istəyi anlamına gəlmir.

