Birləşmiş Ştatların administrasiyası İrana nüvə silahı əldə etməyə imkan verməyəcək.
Den.az xəbər verir ki, bunu ABŞ-nin dövlət başçısı Donald Tramp prezident təyyarəsində jurnalistlərə bildirib.
"Mən İranın gözəl, böyük, xoşbəxt ölkə olmasını istəyirəm, lakin onların nüvə silahı ola bilməz və biz şənbə günü onlarla məsləhətləşmələr keçirəcəyik. Onlarla böyük görüşümüz var. Mən İranın çiçəklənməsini istəyirəm, lakin onun nüvə silahı ola bilməz", - Tramp vurğulayıb.
Xatırladaq ki, aprelin 12-də Omanda ABŞ və İran nümayəndələrinin görüşü keçiriləcək, burada İran nüvə proqramı ətrafında vəziyyətin tənzimlənməsi parametrlərinin müzakirəsi planlaşdırılır. Ağ Evin iddiasına görə, danışıqlar birbaşa aparılacaq, Tehranın versiyasına görə isə görüş vasitəçilərlə baş tutacaq.
Ehtimal olunur ki, Amerika nümayəndə heyətinə prezidentin xüsusi elçisi Stiven Uitkoff, İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Araqçi rəhbərlik edəcək.