Türkiyə prezidenti Tayip Ərdoğan Suriyanın müvəqqəti prezidenti Əhməd aş-Şaraa ilə telefon danışığında Suriya ərazisinin terrorizmdən tam azad edilməsinin zəruriliyini bəyan edib.
Bu barədə Ərdoğanın administrasiyası məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər, eləcə də Suriyada baş verən son hadisələr müzakirə olunub.
Məlumata görə, Tayip Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünə, birliyinə, həmrəyliyinə, sabitliyinə və təhlükəsizliyinə böyük önəm verdiyini vurğulayıb. O qeyd edib ki, Suriya ərazisinin terrorizmdən tam təmizlənməsi təkcə Suriya üçün deyil, bütün region üçün həyati əhəmiyyət daşıyır.
Türkiyə lideri əlavə edib ki, Türkiyənin Suriyaya, xüsusilə terrorla mübarizədə verdiyi dəstək bundan sonra da gücləndiriləcək.
Telefon danışığı Suriya Silahlı Qüvvələrinin kürd koalisiyası olan “Suriya Demokratik Qüvvələri”nə qarşı əməliyyatı və 18 yanvar tarixində tərəflər arasında atəşkəs razılaşmasının əldə olunması fonunda baş tutub.

