Davosta Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüş keçirilib.
Görüş zamanı tərəflər Donald Trampın yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycan–ABŞ münasibətlərinin müsbət dinamika ilə inkişaf etdiyini vurğulayıblar. Xüsusilə 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi istiqamətində əldə olunmuş razılaşmalarda Trampın rolu yüksək qiymətləndirilib.
Prezident İlham Əliyev qeyd edib ki, regionda artıq sülh bərqərar olub və bu, ticarət əlaqələrinin genişlənməsində açıq şəkildə hiss olunur. Onun sözlərinə görə, Azərbaycan ərazisi vasitəsilə Ermənistana neft məhsullarının tədarükü və taxıl tranziti həyata keçirilir.
Dövlət başçısı Zəngəzur dəhlizinin və TRIPP layihəsinin regionun nəqliyyat-logistika bağlantıları baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Görüşdə, həmçinin ABŞ Prezidentinin sədrliyi ilə yaradılan "Sülh Şurası"nın əhəmiyyəti qeyd olunub, qarşılıqlı səfərlərin isə Azərbaycan–ABŞ münasibətlərinin dərinləşməsinə mühüm töhfə verdiyi bildirilib.

