Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi insident törədib.
İlkin iddialara görə, şagird atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllim kimi çalışan Şəhla Kamilovaya xəsarət yetirib.
Hadisədən sonra təhsil müəssisəsində dərslər dayandırılıb, şagirdlər isə evə buraxılıb. Şahidlərin bildirdiyinə əsasən, insident tənəffüs zamanı baş verib.
Kamera qarşısında danışmaqdan imtina edən bəzi şagird valideynləri isə hadisəni törədən şagirdlə bağlı maraqlı iddialar səsləndiriblər. Onların sözlərinə görə, həmin şagirdin əvvəllər də davranış problemləri olub.
Valideynlər, eyni zamanda, şagirdin kompüter oyunlarına həddindən artıq maraq göstərdiyini bildirərək, hadisənin bu oyunların psixoloji təsiri altında baş vermiş ola biləcəyini istisna etmirlər.
Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır, rəsmi qurumlar tərəfindən məsələ üzrə qiymətləndirmə davam edir.

