ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran ona qarşı sui-qəsd planını həyata keçirəcəyi təqdirdə, bu ölkənin “indiyədək görünməmiş səviyyədə bombalanması” üçün əvvəlcədən göstəriş verib.
Tramp bu barədə New York Post qəzetinə açıqlamasında danışıb.
ABŞ lideri bildirib ki, əgər İran ona qarşı sui-qəsd planlarında uğur qazansa, Tehran bunun “çox ağır bədəlini ödəyəcək”.
Uzun müddətdir İran rəhbərliyinin hədəf siyahısında olduğunu deyən Tramp bildirib ki, ona qarşı sui-qəsd cəhdi olacağı halda İranın misli görünməmiş şəkildə bombalanması üçün tapşırıq verib.
İsrailin bu həftə ABŞ prezidentinə qarşı mümkün sui-qəsd planı ilə bağlı kəşfiyyat məlumatı əldə etməsinə dair xəbərlərə münasibət bildirən Tramp İranın bu məsələ ilə bağlı yeni planının olmadığını, lakin illərdir Tehranın hədəf siyahısında “birinci yerdə” olduğunu deyib.
Məlumatda həmçinin qeyd olunub ki, Tehran 2020-ci ildə iranlı general Qasım Süleymaninin öldürüldüyü əməliyyatdan sonra Trampı hədəf siyahısına daxil edib.
Bu həftə Hörmüz boğazında baş verən qarşılıqlı toqquşmalar fonunda ABŞ-İran gərginliyi yenidən artıb. ABŞ hücumu nəticəsində həyatını itirdiyi bildirilən İranın keçmiş lideri Əli Xameneinin dəfn mərasiminə qatılanlar Tramp əleyhinə şüarlar səsləndirərək Xameneinin qisasının alınmasını tələb ediblər.

