Wall Street Journalın məlumatına görə, İsrail İranın ABŞ Prezidenti Donald Trampa qarşı yeni sui-qəsd planı hazırladığına dair kəşfiyyat məlumatlarını Vaşinqton administrasiyası ilə bölüşüb.
Nəşr İsrail və ABŞ rəsmilərinə istinadən yazır ki, İsrail kəşfiyyatı İranın Trampı hədəfə alan yeni plan üzərində işlədiyi barədə məlumat əldə edib. Bildirilir ki, həmin məlumat son günlərdə Vaşinqtona ötürülüb. ABŞ rəsmiləri iddia ilə bağlı rəsmi açıqlama verməyib. Ağ Ev, İsrail hökuməti və İran tərəfi də xəbərə münasibət bildirməyib.
Ankarada mətbuat konfransı keçirən Tramp isə İran tərəfindən ona qarşı təhlükələrdən xəbərdar olduğunu deyib.
“İranlıların öldürmək istədiyi şəxslər siyahısında birinci yerdəyəm”, - deyə ABŞ Prezidenti bildirib.
Tramp daha əvvəl də oxşar təhdidlərlə üzləşdiyini və təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə saxlanıldığını qeyd edib.
WSJ-nin yazdığına görə, İran 2020-ci ildə ABŞ əməliyyatı nəticəsində öldürülən İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin qisasını almaq barədə ritorikasını davam etdirir.
Son dövrdə ABŞ və İran arasında atəşkəsə baxmayaraq, Hörmüz boğazı ətrafında gərginlik və qarşılıqlı sərt açıqlamalar səbəbindən vəziyyətin yenidən kəskinləşdiyi bildirilir.
İranın keçmiş dini lideri ayətullah Əli Xameneinin dəfn mərasimində də ABŞ əleyhinə şüarlar səsləndirilib, bəzi iştirakçılar Trampı hədəfə alan plakatlar daşıyıblar. WSJ-nin gündəmə gətirdiyi yeni kəşfiyyat iddiası bu mesajlardan sonra iki ölkə arasındakı gərginliyin daha təhlükəli mərhələyə keçməsi kimi qiymətləndirilir.

