Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev vəzifəsindən istefa verib.
Çadayev bu barədə özünün “Telegram” kanalında məlumat yayıb.
“Rusiya nəqliyyat nazirinin müşaviri vəzifəsindən istefa vermək qərarına gəldim”, – deyə o bildirib.
Qeyd edək ki, Çadayev daha əvvəl Azərbaycana qarşı xarakterli açıqlamaları ilə gündəmə gəlib. Avqustun 17-də Azərbaycan Baş Prokurorluğu onu terrora çağırışlarla bağlı beynəlxalq axtarışa elan edib.
Çadayevlə yanaşı, Rusiya vətəndaşları, “Moskva 24” telekanalının aparıcısı və jurnalist İvan Knyazev, həmçinin özünü siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Uralov da beynəlxalq axtarışa verilib.
Baş Prokurorluğun məlumatına görə, həmin şəxslərlə bağlı Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün pozulmasına, milli nifrət və düşmənçiliyin salınmasına, eləcə də terrora açıq çağırışlar faktları üzrə cinayət işi çərçivəsində istintaq aparılır.
Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovu çağıraraq Rusiya mediasında Azərbaycan və ölkə rəhbərliyinə qarşı səsləndirilən son təxribat xarakterli fikirlərlə bağlı qəti etirazını bildirib.

