İsrailin Suriyanın İdlib bölgəsində yerləşən Əbu-əd-Duhur aviabazasına hava zərbəsi endirməsi Türkiyə ilə birbaşa hərbi toqquşma riskini yaradıb. Bu barədə ABŞ-ın Türkiyədəki səfiri və Prezident Donald Trampın Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tomas Barak “The Jerusalem Post”a bildirib.
Diplomatın sözlərinə görə, zərbə nəticəsində ölən olmayıb və hadisə genişmiqyaslı eskalasiyaya çevrilməyib.
“Türkiyə hərbçiləri İsrail təyyarələrinin məhz bu bazaya doğru getdiyini bilmirdilər və onların hansı tapşırığı yerinə yetirdiyini təsəvvür etmirdilər. Buna görə də özlərinin təhlükə altında olduğunu düşünərək qırıcıları havaya qaldıra bilərdilər. Bu isə İsrail, Türkiyə və Suriya arasında sürətli eskalasiya və birbaşa hərbi toqquşma üçün real risk yaradırdı”, – deyə Barak bildirib.
Avqustun 18-də Türkiyə sərhədindən təxminən 70 kilometr məsafədə yerləşən Əbu-əd-Duhur aviabazasına hava zərbəsi endirilib. Daha sonra İsrail Baş naziri Benyamin Netanyahunun ofisi yayımladığı açıqlama ilə hücumda İsrailin iştirakını faktiki olaraq təsdiqləyib.

