Son günlərdə Türkiyə və İsrail arasında münasibətlərin normallaşması müşahidə olunur. Azərbaycanın vasitəçiliyi ilə keçirilən görüş də buna nümunədir. Tərəflər Suriyada arzuolunmaz insidentlərin qarşısının alınması üçün gərginliyin azaldılması mexanizminin yaradılması barədə razılığa gəliblər.
Bu barədə Den.az-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov şərh edib.
Onun sözlərinə görə, indiyə kimi bir neçə dəfə bənzər formada anlaşmalar olsa da, qısa müddət sonra gərginlik yenidən artıb. Ekspertlər sonuncu razılaşmanın da nisbi olduğunu düşünürlər. İsrail və Türkiyə münasibətləri sabitləşib? Bu dəfəki anlaşma uzunömürlü olacaqmı?
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov bildirib ki, İsraillə Türkiyə arasında münasibətlər böhran həddinə çatmadan sabitləşmiş kimi görünür:
“Əsas səbəb İsrailin Suriya ərazilərini raket atəşinə tutmasına baxmayaraq, Türkiyənin cavab tədbiri görməməsi və səbrli davranmasıdır. Baş nazir Benyamin Netanyahunun ABŞ səfəri və prezident Donald Trampla görüşü ərəfəsində Təl-Əviv Ankaranın qarşılıq verməsinə nail olmağa çalışdı. Amma görünür, Türkiyə Tramp administrasiyası ilə məsləhətləşmələr aparıb və İsrailin təxribatına səssiz qalıb. Netanyahunun ABŞ lideri ilə görüşündə aldığı cavablar onu münasibətləri gərginləşdirməkdən çəkinməyə məcbur etdi”.
Ellada Rəsul
Den.az