Azərbaycanda casusluğa görə məhkum edilmiş Fransa vətəndaşı Martin Rayan əfv edilərək azadlığa buraxılıb.
Bu barədə Penitensiar Xidmət rəisinin müavini, general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrası zamanı bildirib.
Onun sözlərinə görə, Lənkərandakı cəzaçəkmə müəssisəsindən iki nəfər azadlığa buraxılıb. Onlardan biri Fransa vətəndaşı Martin Rayandır.
“Naxçıvandakı cəzaçəkmə müəssisəsindən iki nəfər, Lənkərandakı cəzaçəkmə müəssisəsindən isə daha iki nəfər azadlığa buraxılıb. Ümumilikdə, əfv sərəncamının şamil olunduğu dörd nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilərək sərbəst buraxılıb”, – deyə Oqtay Məmmədov bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 23-də imzaladığı əfv sərəncamı ümumilikdə 20 nəfərə şamil olunub.
Onlardan 19-u azadlıqdan məhrumetmə, biri isə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdir.

