Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin oğlu, “Sosial-Demokratlar” Partiyasının liderlərindən Kadyr Atambayev 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bişkekin Pervomayski Rayon Məhkəməsində baxılan iş hakimiyyətin ələ keçirilməsinə cəhd və kütləvi iğtişaşların hazırlanması ilə bağlı olub. Məhkəmə prosesi qapalı keçirilib.
İş üzrə digər təqsirləndirilənlər arasında partiyanın liderlərindən Temirlan Sultanbekov, onun sürücüsü Ermek Ermatov, həmçinin keçmiş dövlət mühafizə xidməti rəhbəri Damir Musakeyev və digər şəxslər yer alıb.
İstintaqın versiyasına görə, qrup parlament seçkilərindən sonra kütləvi iğtişaşlar təşkil etməyə hazırlaşıb. Hüquq-mühafizə orqanları bildiriblər ki, qrupa siyasi xadimlər, keçmiş deputatlar, sabiq dövlət qulluqçuları və güc strukturlarının keçmiş əməkdaşları daxil olub.
Məhkəmənin qərarı ilə Temirlan Sultanbekov 7 il, Kadyr Atambayev isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Ermek Ermatovla bağlı ittihamın maddəsi dəyişdirilib, ona probasiya nəzarəti tətbiq olunaraq məhkəmə zalından azad edilib. Kubanıçbek Kadirov isə tam bəraət alıb.

