ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Egey dənizi və ya Kipr ətrafındakı fikir ayrılıqları səbəbindən Türkiyə ilə Yunanıstan arasında hərbi qarşıdurmaya yol verilməsini mümkünsüz hesab edir.
“Mənə elə gəlir ki, belə bir şeyin baş verməsi ağlasığmazdır. Bunlar NATO üzrə iki müttəfiq və tərəfdaşdır. Ona görə də bu, sadəcə baş verə bilməz”, – Rubio Ankara ilə Afina arasında münasibətlərin kəskinləşəcəyi təqdirdə ABŞ-nin müdaxilə edib-etməyəcəyi ilə bağlı suala cavabında bildirib.
ABŞ dövlət katibinin sözlərinə görə, belə bir qarşıdurma nə Türkiyəyə, nə Yunanıstana, nə də ABŞ-yə fayda verər.
Rubio vurğulayıb ki, Vaşinqton belə bir ssenariyə heç vaxt imkan verməyəcək və bunun baş verəcəyinə inanmadığını bildirib.
Türkiyə ilə Yunanıstan arasında Egey dənizindəki fikir ayrılıqlarından biri ərazi sularının eni ilə bağlıdır. BMT-nin Dəniz Hüququ haqqında Konvensiyası dövlətlərə ərazi sularını 12 dəniz milinədək genişləndirmək imkanı verir. Türkiyə isə bu Konvensiyanı imzalamayıb.
1995-ci ildə Yunanıstan parlamenti Konvensiyanı ratifikasiya etdikdən sonra Ankara bəyan edib ki, Yunanıstanın Egey dənizində ərazi sularını 6 dəniz milindən 12 dəniz milinədək genişləndirməsi Türkiyənin suverenliyinin pozulması kimi qiymətləndiriləcək və “casus belli”, yəni müharibə üçün formal səbəb hesab olunacaq.

