Fransada yaşayış xərclərinin artmasına və dövlət xidmətlərinin vəziyyətinə etiraz olaraq keçirilən nümayişlər bəzi şəhərlərdə iğtişaşlar və talanlarla müşayiət olunub.
Türkiyənin Haberler.com saytının məlumatına görə, etirazlar zamanı dünyaca məşhur lüks brendlərin mağazaları hədəfə alınıb.
Bildirilib ki, şənbə günü keçirilən aksiyalarda polislə toqquşan bəzi qruplar “Rolex”, “Louis Vuitton” və “Sephora” kimi tanınmış brendlərin mağazalarının vitrinlərini sındırıblar.
Mağazalardan bahalı qol saatlarının, dizayner çantalarının və kosmetika məhsullarının oğurlandığı qeyd olunub.
Talanlardan sonra oğurlandığı iddia edilən məhsulların ikinci əl bazarında satışa çıxarılması ilə bağlı məlumatlar yayılıb.
Xüsusilə “Rolex” markalı saatların Avropada küçə satıcılarının piştaxtalarında satışa təqdim edildiyi barədə görüntülərin yayıldığı bildirilir.
Bununla yanaşı, talan edilmiş mağazalardan götürüldüyü ehtimal olunan bəzi məhsulların internet üzərindən də satışa çıxarıldiyi qeyd edilib.

