Xırdalanda gecəni qana boyayan dava olub.
Den.az xəbər verir ki, 22 yaşlı kuryer işləyən gənc bıçaqlanaraq xəstəxanalıq olub.
Xırdalan şəhərində gecə saatlarında baş verən dəhşətli kütləvi dava şəhərin sükutunu pozdu. Məlumata görə, 6 nəfər bir nəfərə qarşı qəddarcasına hücum edib, əvvəlcə yumruq və təpiklərlə döyərək sonra isə bıçaqla ağır yaralayıblar. Hadisənin qız üstündə baş verdiyi bildirilir. Qurban – 22 yaşlı Vüsal Orucov – qan içində yerdə qaldı. Ətrafdakıların fəryad və çığırtıları arasında təcili tibbi yardım çağırılıb.
Xəbər verilir ki, Vüsal Orucov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda həkimlər onun həyatını xilas etməyə çalışırlar. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, şəhərdə narahatlıq və qorxu ab-havası hökm sürür.
Qanlı hadisənin təfərrüatları araşdırılır. Şahidlər bildirirlər ki, bu, heç kimin gözləmədiyi an baş verib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Den.az - a bildirib ki, axşam saatlarında Abşeron rayonunda moped sürücüləri (kuryerlər) arasında insident olması ilə bağlı polisə məlumat daxil olub. İlkin məlumata görə insidentdə tərəflərdən biri — 22 yaşlı şəxs müxtəlif dərəcəli xəsarət alıb. Ərazi polis orqanında araşdırma aparılır, əməli törədən şəxs, yaxud şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür.