Xəbər verdiyimiz kimi , Göyçay şəhəri ərazisində yerləşən yeşik istehsalı sexində güclü yanğın hadisəsi baş verib.
DenMedia.az xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb. İlkin məlumata əsasən, sexin içərisində olan yanar materiallar qısa müddətdə alovlanaraq geniş sahəni əhatə edib.
Məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.
Rayon ərazində yeşik sexində baş verən yanğın yaxınlıqda yerləşən iki fərdi yaşayış evinə keçib. Nəticədə vətəndaşlara məxsus evlərə zərər dəyib. Evlərdəki bəzi əşyalar və yanar konstruksiyalar tamamilə yanaraq yararsız hala düşüb.
Alovun söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay və Ucar rayon bölmələrinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın artıq məhdudlaşdırılıb, hazırda tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Ərazidə təhlükəsizlik məqsədilə elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb.
Hadisənin səbəbləri və dəymiş ziyanın miqyası araşdırılır.
Aqil Əsədov
DenMedia.az