Göyçay rayonunda gecə saatlarında baş verən dəhşətli yol qəzası ictimaiyyətin diqqətini çəkib.
Den.az xəbər verir ki, hadisə Hacalıkənd kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək əvvəlcə elektrik dirəyinə, daha sonra isə fərdi yaşayış evinə çırpılıb. Zərbənin gücündən sonra avtomobildə qəfil yanğın baş verib.
Dərhal hadisə yerinə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.
Qəza nəticəsində ərazidə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Faktla bağlı araşdırmalara başlanılıb.
Hadisənin səbəbləri və qəza zamanı xəsarət alanların olub-olmaması barədə əlavə məlumat verilməyib. Rəsmi qurumlar tərəfindən yayılan ilkin məlumatlara əsasən, hadisə ciddi maddi ziyanla nəticələnib.
Yol-nəqliyyat hadisələrinin artdığı bu günlərdə sürücülərə bir daha diqqətli və ehtiyatlı olmaları tövsiyə olunur.
Aqil Əsədov