Belçika polisi Brüsseldə Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) qərargahında, eləcə də Brüggedə yerləşən Avropa Kollecində və bir sıra özəl yaşayış evlərində axtarışlar aparıb. Bu barədə Euractiv hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazır.
İstintaq Aİ vəsaitlərinin təyinatı üzrə xərclənməməsi ehtimalı ilə bağlı aparılır. Məlumata görə, axtarışlar zamanı sənədlər müsadirə olunub, həmçinin üç nəfər satınalmalar zamanı dələduzluq və korrupsiya şübhəsi ilə dindirmə üçün saxlanılıb.
EEAS rəsmisi Brüssel ofisində axtarış faktını təsdiqləyib.
Axtarışlardan dərhal sonra AFP-nin məlumatına görə, Aİ-nin keçmiş ali nümayəndəsi və Avropa diplomatiyasının sabiq rəhbəri Federika Mogerini (2014–2019) saxlanılıb. Onu Avropa Kolleci nəzdində yaradılan Yeni Aİ Diplomatiya Akademiyasının maliyyələşdirilməsi üçün keçirilmiş tenderdə dələduzluq ehtimalı ilə şübhəli bilirlər.
Avropa Prokurorluğu (EPPO) bildirib ki, iş üzrə cəmi üç nəfər saxlanılıb, lakin digər şübhəlilərin adları hələ açıqlanmır.

