Günəşdə X sinifli güclü alovlanma baş verib. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu nəzdində fəaliyyət göstərən Günəş Astronomiyası Laboratoriyasının Telegram kanalı məlumat yayıb.
Məlumata görə, alovlanma Bakı vaxtı ilə saat 02:57-də maksimum həddə çatıb. Hadisə 4366 nömrəli aktiv Günəş bölgəsində formalaşıb. Partlayış anında həmin sahə Günəş–Yer xəttindən təxminən 35 dərəcə bucaq altında yerləşib.
Astronomlar bildiriblər ki, bu mövqedən Yerə birbaşa zərbə ehtimalı yoxdur. Lakin mümkün yan təsirlərin olub-olmayacağı yalnız bir neçə saatdan sonra dəqiqləşəcək.
Qeyd olunub ki, bu alovlanma mövcud Günəş dövrü ərzində gücünə görə üçüncü ən güclü hadisədir.

