Hindistanın Çhattisgarh ştatında gənc qadın sosial şəbəkələrdə ünsiyyətin qəfil kəsilməsindən sonra sevgilisinə bıçaqla hücum edib.
Hadisə barədə Afternoon News məlumat yayıb.
Məlumata görə, Roşini ilə 25 yaşlı Prasad təxminən altı ay ərzində münasibətdə olublar. Onların tanışlığı sosial şəbəkə vasitəsilə başlayıb və uzun müddət fasiləsiz ünsiyyət saxlayıblar. Lakin bir müddət sonra Prasad Roşinin profilini bloklayıb və mesajlara cavab verməyi dayandırıb.
Bundan şübhələnən Roşini sevgilisinin münasibəti bitirmək istədiyini və ya başqa qadınla görüşməyə başladığını düşünüb. O, Prasadın evinə gedib və tərəflər arasında şiddətli mübahisə yaranıb. Mübahisə zamanı qadın Prasadı bıçaqlayıb. Kişi aldığı xəsarətlərdən tibb işçiləri gəlməmişdən əvvəl dünyasını dəyişib.
Hadisə barədə polisə qonşular məlumat verib. Şübhəli şəxs saxlanılıb və ona qarşı qətl maddəsi üzrə cinayət işi başlanıb. Hazırda istintaq hadisənin bütün təfərrüatlarını araşdırır.

