ABŞ-ın Rod-Aylend ştatının Potaket şəhərində yeniyetmələrin xokkey oyunu zamanı baş verən atışma nəticəsində üç nəfər, o cümlədən hücum edən şəxs həlak olub. Bu barədə Associated Press yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Polisin məlumatına görə, daha üç yaralı ağır vəziyyətdə xəstəxanalara çatdırılıb. Şübhəli şəxs hücumdan sonra odlu silahla özünü güllələyərək həyatına son qoyub.
İlkin versiyaya əsasən, hadisə ailədaxili münaqişə ilə bağlı ola bilər. Atəş açan şəxsin kimliyi və ölənlərin yaşı açıqlanmır. Lakin polis rəisi Tina Qonsalvesin sözlərinə görə, qurbanların böyük ehtimalla yetkin şəxslər olduğu bildirilir.
Bu hadisə son iki ayda ştatda baş verən ikinci böyük silahlı insidentdir. Dekabrın 13-ü axşam saatlarında Braun Universitetinin kampusunda iki tələbə öldürülmüş, daha doqquz nəfər yaralanmışdı. Həmin hücumdan sonra silahlı şəxs intihar etmişdi.
Potaket şəhəri Providensin şimalında, Massaçusets ştatı ilə sərhədə yaxın ərazidə yerləşir. Təxminən 80 min əhalisi olan şəhər daha əvvəl Hasbro şirkətinin qərargahının yerləşdiyi məkan kimi tanınır.

