Cənubi Afrika Respublikasında baş verən silahlı insident nəticəsində doqquz nəfər güllələnərək öldürülüb, daha on nəfər yaralanıb.
Bu barədə “News24” portalı məlumat yayıb.
Məlumata görə, təxminən 12 nəfərdən ibarət qrup ağ mikroavtobus və minik avtomobili ilə Yohannesburq yaxınlığındakı Bekkersdal qəsəbəsində yerləşən “KwaNoxolo” barına gələrək ziyarətçilərə qarşı nizamsız atəş açıb. Hücumdan sonra silahlılar hadisə yerindən qaçıblar.
Hücumun səbəbləri hələlik məlum deyil.
Atışma zamanı həm obyektin daxilində olanlar, həm də ərazidən keçənlər xəsarət alıb. Qautenq əyalət polisinin rəis müavini general-mayor Fred Kekananın bildirdiyinə görə, yaralananlar arasında taksi sürücüsü də var.

