Çində həddindən artıq yüklənmiş sərnişin mikroavtobusu ilə yük avtomobilinin toqquşması nəticəsində azı 13 nəfər həlak olub, 3 nəfər yaralanıb. Bu barədə 28 mayda yerli hakimiyyət orqanlarına istinadən “Sinxua” agentliyi məlumat yayıb.
“Cümə axşamı səhər saatlarında Çinin mərkəzində yerləşən Henan əyalətində sürətli avtomobil yolunun bir hissəsində həddindən artıq yüklənmiş sərnişin mikroavtobusu ilə yük maşınının toqquşması nəticəsində 13 nəfər həlak olub, 3 nəfər yaralanıb”, deyə məlumatda qeyd olunub.
Bildirilib ki, qəza Nanyan şəhəri ərazisindəki yol hissəsində baş verib. Hadisə zamanı 9 yerlik sərnişin mikroavtobusunda 16 nəfər olub.
Qəzadan sonra Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi hadisə yerinə işçi qrup göndərib.

