ABŞ-da bloger modeli təhlükəli çəkiliş zamanı akulaları cəlb etmək üçün suya salıb. Bu barədə Daily Mail məlumat yayıb.
Hadisə Florida ştatında baş verib. Məlumata görə, 26 yaşlı kanadalı model Sese Rouz TooTurntTony adı ilə tanınan məşhur bloger Entoni Dousonun təhlükəli çağırışında iştirak etməyə razılaşıb.
Model körpünün yaxınlığında suya endirilib. Bu zaman akulalardan biri yemə yaxınlaşaraq onu dartıb və nəticədə model bir müddət suyun altında qalıb. Rouz sonradan həmin anlarda çox qorxduğunu və riskin həddindən artıq yüksək olduğunu bildirib.
Bloger isə daha sonra çəkilişin uğursuz alındığını deyib və daha kiçik yem istifadə etməli olduğunu bildirib. Onun sözlərinə görə, hadisə zamanı nə insanlar, nə də akulalar xəsarət alıb.
Video sosial şəbəkələrdə 10 milyondan çox baxış toplayıb. Lakin görüntülər izləyicilər və təbiət müdafiəçiləri tərəfindən sərt tənqid olunub. Onlar blogeri həm insan həyatını təhlükəyə atmaqda, həm də akulalara qarşı qəddar davranmaqda ittiham ediblər.
Məlumata görə, blogerin daha əvvəl də dəniz heyvanlarına qarşı qəddar davranışla bağlı qanunla problemi olub.

