Ölümlə nəticələnən yol qəzasına görə həbs edilən tiktoker İlduza Hacıyeva — sosial şəbəkələrdə tanınan adı ilə Arzumla bağlı hadisə yenidən müzakirə mövzusuna çevrilib.
Buna səbəb qəzada həyatını itirən Amal Məlikovun daha əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittiham üzrə cinayət məsuliyyətinə cəlb edilməsi barədə məhkəmə sənədinin yayılması olub.
Bu sənəddən sonra sosial şəbəkələrdə onun qəza zamanı narkotik vasitələrin təsiri altında ola biləcəyi ilə bağlı iddialar səsləndirilib.
DenMedia.az qafqaninfo-ya istinadən xəbər verir ki, bu iddiaları yoxlamaq üçün məhkəmə-tibbi ekspertizasının rəyi araşdırılıb.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyinə əsasən, Amal Məlikovun qanında etil spirti, narkotik və güclü təsir edən maddələr aşkar edilməyib.
Ekspertiza rəyində qeyd olunub ki, mərhum A.Məlikovdan götürülən qan nümunəsində aparılan məhkəmə-kimyəvi araşdırma zamanı etil spirti, narkotik vasitələr və güclü təsir edən maddələr tapılmayıb.
Nəşr xatırladır ki, məhkəmə qərarları araşdırılmış sübutlar, ekspert rəyləri və iş üzrə digər materiallar əsasında qəbul edilir. Tərəflər hökmlə razılaşmadıqda, qərardan apellyasiya şikayəti verə bilərlər.

