Kanadada 11 yaşlı oğlan yarasa ilə təmasdan sonra quduzluğa yoluxaraq həyatını itirib. Hadisə barədə Kanada Tibb Assosiasiyasının Jurnalı (CMAJ) məlumat yayıb.
Hadisə 2024-cü ilin yayında Ontario əyalətinin şimalında baş verib. CBC-nin yazdığına görə, ailəsi ilə kottecdə istirahət edən uşaq səhər yuxudan oyananda yarasanın onun burun və ağız nahiyəsində olduğunu görüb.
Atası heyvanı uşağın üzündən götürərək həyətə buraxıb. Uşağın bədənində dişləmə və ya cızıq izi görünmədiyi üçün ailə dərhal həkimə müraciət etməyib.
Lakin təmasdan 19 gün sonra uşaqda qusma, üz nahiyəsində keyimə və iynələnmə hissi yaranıb. Xəstəxanada onun quduzluğa yoluxduğu müəyyən edilib.
Mayo Clinic bildirir ki, klinik simptomlar ortaya çıxdıqdan sonra quduzluq demək olar ki, həmişə ölümcül olur.
Mütəxəssislər bu hadisəni xəbərdarlıq kimi təqdim edərək yarasa ilə hər hansı təmasdan sonra dərhal tibbi yardım almağı tövsiyə ediblər.

