ABŞ-ın Arizona ştatında morqa göndərilən 1,5 yaşlı uşaq sağ tapılıb.
Bu barədə ABC 15 məlumat yayıb.
Hadisə fevral ayında baş verib. Uşaq hovuzda boğulma təhlükəsi keçirdikdən sonra təcili olaraq tibb mərkəzinə aparılıb. Xəstəxanada həkim Arian Tusi uşağın öldüyünü elan edib.
Lakin tibb bacısı uşağın nəbzini hiss edə bilib. Hadisə yerində olan polis əməkdaşlarından biri isə uşağın nəfəs aldığını eşitdiyini bildirib. Onun sözlərinə görə, bu barədə həkimə məlumat versə də, Tusi həmin sözlərə məhəl qoymayıb.
Bildirilir ki, uşağın həyat əlamətlərini digər polis əməkdaşları da müşahidə ediblər. Hətta uşaq morqa göndəriləndə belə bu əlamətlər davam edib. Buna baxmayaraq, həkim öz qərarında israr edib.
Həkimin səhvi yalnız bir neçə saat sonra üzə çıxıb. Məhkəmə-tibb ekspertləri uşağın nəfəs aldığını müəyyən ediblər.
Bundan sonra azyaşlı təcili olaraq uşaq xəstəxanasına çatdırılıb. Orada məlum olub ki, saatlarla tibbi yardımsız qalması uşağın beynində zədələnməyə səbəb olub.
Məlumata görə, uşağın ömür boyu xüsusi qayğıya ehtiyacı olacaq.
İş prokurorluğa göndərilib.

