Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı Tuqay Hüseynovun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
DenMedia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Tuqay Hüseynov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilir.
İttihama əsasən, o, zərərçəkmiş şəxsi xarici ölkələrdə yerləşən universitetlərin magistratura pilləsinə qəbul etdirəcəyi vədi ilə aldadaraq ümumilikdə 150 min avro məbləğində pul vəsaitini ələ keçirməkdə şübhəli bilinir.
Toplanmış sübutlar əsasında Tuqay Hüseynov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. İstintaqdan yayındığı üçün o, İnterpolun Bakıdakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.
Beynəlxalq əməliyyat-axtarış tədbirləri nəticəsində Tuqay Hüseynov Monteneqro ərazisində müəyyən edilərək saxlanılıb.
Hazırda onun Azərbaycana təhvil verilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən müvafiq tədbirlər görülür.

