Bakının Nərimanov rayonunda otel binasında yanğın baş verib.
Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Köroğlu Rəhimov küçəsində yerləşən oteldə yanğın baş verməsi barədə “112” qaynar xəttinə məlumat daxil olub. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində binanın birinci mərtəbəsində yerləşən saunada baş verən yanğın qısa müddətdə söndürülüb və alovun digər ərazilərə yayılmasının qarşısı alınıb.
Təhlükəsizlik məqsədilə tüstülənmiş binadan özləri çıxa bilməyən otel sakinləri təxliyə olunublar.
Yanğın nəticəsində saunanın buxar otağının 10 kvadratmetr sahəsi yanıb. Otelin əsas hissəsi və binanın digər əraziləri yanğından mühafizə olunub.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

