Krımdakı “Tavrida” mağarasında səkkiz il davam edən qazıntılar zamanı üç ton tarixdən əvvəlki heyvan sümüyü aşkarlanıb.
“Komsomolskaya Pravda – Krım”ın məlumatına görə, paleontoloq Boqdan Zaytsev bildirib ki, aşkar edilən sümük qalıqları Rusiya Elmlər Akademiyasının Paleontologiya İnstitutunun mütəxəssisləri tərəfindən araşdırılır. Tapıntılardan ibarət müvəqqəti ekspozisiya artıq Moskva Paleontologiya Muzeyində nümayiş etdirilib.
Ən diqqətçəkən tapıntılar arasında nəhəng kaftarın yaxşı qorunmuş kəllə sümüyü və boyun fəqərələri, qılıncdişli pişiklərin, cavan antilopanın, eləcə də tarixdən əvvəlki quş və yarasaların sümükləri var.
Bu heyvanların yarımadada erkən pleystosen dövründə – təxminən 1,8-1,6 milyon il əvvəl yaşadığı bildirilir.
“Tavrida” mağarası 2018-ci ildə Zuya qəsəbəsində eyniadlı sürətli avtomobil yolunun tikintisi zamanı aşkarlanıb. Mağara hazırda erkən pleystosen dövrünə aid qədim heyvanların sümük qalıqlarının aşkarlandığı Rusiyanın ən böyük, dünyanın isə ən iri məkanlarından biri hesab olunur.
Bununla belə, alimlərin işi hələ başa çatmayıb. Mütəxəssislər qazıntılar zamanı toplanmış torpaq və fosillərdən ibarət daha üç tona yaxın materialı araşdırmalıdırlar.

