Xəbər verdiyimiz kimi, Sumqayıtda Uşaq Xəstəxanasında müalicə alan 11 azyaşlının eyni vaxtda dərman reaksiyası verməsi ciddi narahatlıq yaradıb.
Müalicə alan uşaqların valideynləri DenazTV-yə bildiriblər ki, Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda dərman reaksiyası müşahidə olunub. Uşaqlara köçürülən sistemdən sonra onların vəziyyəti pisləşib və narahatlıq yaranıb. Hadisə ölkədə geniş rezonans doğurub.
Məsələ ilə bağlı TƏBİB-dən açıqlama verilib. Bildirilib ki, hadisə TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırılır. İstifadə olunmuş dərman vasitəsindən müvafiq nümunələr götürülüb. Qeyd olunub ki, uşaqlara dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onların vəziyyəti stabil qiymətləndirilir və diaqnozlarına uyğun müalicələri davam etdirilir. Uşaqlardan 4-ü vəziyyətləri qənaətbəxş olduğu üçün ambulator müalicəyə buraxılıb. TƏBİB-dən oda əlavə olunub ki,sözügedən uşaqlar hadisədən əvvəl respirator virus infeksiyası səbəbilə xəstəxanada müalicə alıblar.
Hadisənin hansı səbəbdən baş verdiyi və dərman reaksiyasına nəyin səbəb olduğu aparılan araşdırmanın nəticələrindən sonra məlum olacaq.
Ellada Rəsul
Denmedia.az

