Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində dəm qazından zəhərlənən 6 azyaşlıdan biri həyatını itirib. Hadisə cəmiyyətdə ciddi narahatlıq doğurmaqla yanaşı, digər uşaqların sağlamlıq vəziyyəti ilə bağlı da diqqətləri üzərinə cəmləyib.
Son məlumata görə, vəziyyəti ağır olan daha bir uşaq Bakıya təxliyə olunub.
Bu barədə Denmedia.az-a uşaqların atası məlumat verib.
Bildirilib ki, azyaşlının daha ixtisaslı tibbi yardım alması məqsədilə paytaxta aparılması zəruri hesab olunub.
Sumqayıt Tibb Mərkəzindən verilən açıqlamaya əsasən, hazırda Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 4 nəfər azyaşlının (kişi cinsli) müalicəsi davam etdirilir. Həkimlərin nəzarəti altında olan uşaqların vəziyyətinin stabil olduğu bildirilir.
Eyni zamanda, 2021-ci il təvəllüdlü (qadın cinsli) azyaşlı daha ixtisaslı tibbi xidmət alması üçün Bakıya – Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub. Hazırda onun müalicəsi ixtisaslaşmış həkim heyəti tərəfindən davam etdirilir.
Xatırladaq ki, hadisə nəticəsində bir ailənin 6 azyaşlı övladı dəm qazından zəhərlənmiş, onlardan ən kiçiyi həyatını itirmişdi. Faktla bağlı araşdırmalar davam etdirilir.

