Yaponiyada yük maşını idarə edərkən “TikTok”da video izləyən qadın 6 nəfərin ölümünə səbəb olan yol qəzasına görə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə FNN telekanalı məlumat yayıb.
Bildirilib ki, faciə Mie prefekturasındakı Sin-Meysin sürətli avtomobil magistralında baş verib.
Prokurorluğun məlumatına görə, yük maşınının sürücüsü Midzue Midzutani qəza baş verməzdən əvvəl “TikTok”da video izləyib və təxminən 13 saniyə ərzində yola baxmayıb.
Bu müddətdə ağırtonnajlı yük maşını yolda yaranmış tıxaca yaxınlaşaraq qarşıda dayanmış avtomobillərə çırpılıb.
Qəza nəticəsində 6 nəfər həyatını itirib.
Məhkəmə araşdırması zamanı Midzutani təqsirini tam etiraf edib.
Tsu şəhər Dairə Məhkəməsi qadını 7 il müddətinə azadlıqdan məhrum edib.
Hakim sürücünün davranışını son dərəcə məsuliyyətsiz adlandıraraq onun digər insanların təhlükəsizliyinə məhəl qoymadığını bildirib.

