Diskvalifikasiya müddətini başa vurmuş rusiyalı fiqurlu konkisürən Kamila Valiyeva idmana qayıtdığını açıqlayıb.
Valiyeva bu barədə Telegram kanalında yazıb.
“Dostlar, sizin üçün bir xəbərim var — böyük buz üzərinə qayıdıram. Əlbəttə, çox həyəcanlanıram, amma daha çox Rusiya tullanışlar çempionatında yenidən yarış həyəcanını hiss edəcəyim anı səbirsizliklə gözləyirəm. Yeni proqramlarımdan birini ilk dəfə Birinci Kanal Kubokunda təqdim edəcəyəm — bu mənim üçün xüsusi bir bayram olacaq.”
Valiyevanın antidopinq qaydalarını pozmasına görə tətbiq edilən dördillik diskvalifikasiya ötən ilin 25 dekabrında başa çatıb. Qadağan olunmuş maddənin izləri onun orqanizmində 2022-ci il Pekin Olimpiadası zamanı aşkar olunmuşdu. Həmin yarışda Valiyeva Rusiya yığmasının tərkibində komanda turnirində qızıl medal qazanmışdı.
Beynəlxalq Konkisürmə İttifaqı xalların yenidən hesablanmasından sonra Rusiya komandasını üçüncü yerə endirib. Birinci yeri ABŞ, ikinci yeri Yaponiya tutub. Kanadanın Rusiyanın nəticəsinin tam ləğvi ilə bağlı tələbi isə İdman Arbitraj Məhkəməsi tərəfindən rədd edilib.

