İtaliya Futbol Federasiyası (FIGC) milli komandanın ardıcıl 3-cü dəfə dünya çempionatına vəsiqə qazana bilməməsi səbəbindən təxminən 30 milyon avro zərər görüb. Bu barədə La Gazzetta dello Sport yazır.
Məlumata görə, itkilərə sponsor müqavilələrində nəzərdə tutulan cərimələr də daxildir – bu bənd federasiyaya təxminən 9,5 milyon avroya başa gəlib.
Bundan əlavə, FIFA tərəfindən verilən mükafatlar da itirilib – iştirak üçün təxminən 9 milyon dollar, hazırlıq xərcləri üçün isə 1,5 milyon dollar.
Eyni zamanda atribut satışları, yeni sponsorluq müqavilələri və əlavə gəlirlərdən gözlənilən təxminən 10 milyon avro da əldə olunmayıb.
Analitiklər xüsusilə ABŞ bazarında itirilmiş imkanları diqqətə çatdırır. Texniki sponsor Adidas 2023-cü ildə federasiya ilə 2030-cu ilə qədər illik 30–35 milyon avro dəyərində müqavilə imzalasa da, İtaliyanın mundialda iştirak etməməsi satışlara mənfi təsir göstərə bilər.
1 aprel tarixində İtaliya millisi Avropa seçmə mərhələsinin finalında Bosniya və Herseqovinaya penaltilər seriyasında uduzaraq yenidən mundialdan kənarda qalıb.

