Madrid “Real”ının baş məşqçisi postuna əsas namizəd hesab olunan portuqaliyalı mütəxəssis Joze Mourinyo hələ gözləməli olacaq.
Bu barədə Mundo Deportivo məlumat yayıb.
Nəşrin yazdığına görə, Mourinyonun mümkün təyinatı klubda keçiriləcək prezident seçkilərinin nəticələri açıqlanana qədər təxirə salınıb. Buna səbəb prezidentlik yarışında alternativ namizədin ortaya çıxmasıdır.
İspaniyalı iş adamı Enrike Rikelme “Real” prezidentliyinə namizəd olmaq niyyətini açıqlayıb. Bu səbəbdən klubun bütün idman planları, o cümlədən baş məşqçi təyinatı müvəqqəti olaraq dayandırılıb.

Rikelmenin rəsmi namizəd statusu alması üçün lazımi sənədləri mayın 23-dək təqdim etməsi lazımdır. “Real”da prezident seçkiləri isə iyunun 7-nə təyin olunub.
Klubun hazırkı prezidenti Florentino Peres hələlik namizədliyini rəsmən açıqlamayıb. Lakin nəşrin məlumatına görə, onun yeni müddətə yenidən seçiləcəyi gözlənilir.
Qeyd olunur ki, Mourinyo ilə danışıqlara daha əvvəl məhz Florentino Peres təşəbbüs göstərib.

