Bolqarıstanın Samokov şəhərində 15 yaşadək idmançılar arasında güləş üzrə Avropa çempionatı başa çatıb. Azərbaycan Güləş Federasiyasından Trendə verilən məlumata görə, yarışın son günündə Azərbaycanın beş sərbəst güləşçisi fəxri kürsüyə yüksəlib.
Finala qədər bütün görüşlərini vaxtından əvvəl qələbə ilə başa vuran Yusif Abdullayev 38 kq həlledici qarşılaşmada da uğurlu çıxışını davam etdirib. Azərbaycanlı idmançı Rezi Yobidzeni 10:0 hesabı ilə məğlub edərək Avropa çempionu olub.
Elman İsmayılov 41 kq finalda bolqarıstanlı güləşçi Simeon Velikova 4:15 hesabı ilə uduzaraq gümüş medal qazanıb.
Məhəmməd Kərimov 44 kq belaruslu Aleksandr Qamovu 16:6 hesabı ilə məğlub edib və bürünc medala sahib olub.
Adam Quliyev 52 kq finalda rusiyalı Bədrəddin Maqomedova 7:9 hesabı ilə uduzub və turniri ikinci yerdə başa vurub.
Yusif Hüseynov 62 kq bürünc medal uğrunda görüşdə rusiyalı Zaur Nəcmudinovdan üstün olub — 5:0.
Beləliklə, Azərbaycanın sərbəst güləş yığması qitə birinciliyində ümumilikdə altı medal qazanıb. Xatırladaq ki, bir gün əvvəl Elvin Nəcəfzadə 85 kq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

